Back

ⓘ İntellekt (psixologiya)




                                     

ⓘ İntellekt (psixologiya)

İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər," düşüncəsiz” olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı. Məsələn, diskdən oxunan verilənləri gözləyən proqram həmin zaman başqa məsələni yerinə yetirməklə, bütövlükdə sistemin məhsuldarlığını yüksəltmiş olur. 3. Mühakimə və məntiq sahəsində: intellektuallıq, proqramın insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya maşının ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.

                                     

1. Müxtəlif mənbələrdə intellekt anlayışının tərifi

İntellekt anlayışının ümumi qəbul olunmuş tərifi hələ yoxdur. Bu qabiliyyət tədqiqatçılar tərəfindən fərqli şəkildə təsvir və izah edilir.

Oxford Dictionary of Psychology intelligence məqaləsini belə başlayır:"İntellekt koqnitiv zehni, əqli qabiliyyətdir." Lüğət məqaləni Amerika psixoloqu D. Wechslerin 1944-cü ildə intellektə verdiyi təriflə davam etdirir: "individualın, məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir"

Amerika psixoloqu R. Sternberg intellekti, real mühitə uyğunlaşmaq, bu mühitdə seçim etmək və onu formalaşdırmaqdan ibarət mental fəaliyyət hesab edir.

Azərbaycan Sovet Ensiklopediyasında intellekt məqaləsi beıə başlayır: – cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək, insanın öz davranışını şəraitin tələbinə uyğun surətdə dəyişdirmək qabiliyyəti. İntellekt fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur."

                                     

2. İnsan intellektinin öyrənilməsinin erkən tarixi

İngilis polimat müxtəlif sahələrdə geniş biliklərə malik adam, antropoloq, tədqiqatçı, psixometrik və statistiki F. Galton qalton oxunur dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyətlərin irsən keçməsini öyrənən tədqiqat apardı. Bu tədqiqatı o 1869-cu ildə Hereditary Genius kitabında təsvir etdi. Bir neçə il sonra Galton öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu Kral Cəmiyyətinə Royal Society daxil olan elm adamlarına göndərdi. Bu sorğu ilə o müəyyənləşdirməyə çalışdı ki, onun respondentlərinin ailələrinə aid cəhətlərilə onların elmə maraqları arasında əlaqə varmı. Galton bu araşdırmaları 1874-cü ildə, English men of science: their nature and nurture kitabında nəşr etdirdi. Bu tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiliyin və ya ətraf mühitin daha mühüm rol oynaması sualını nature versus nurture ortaya qoymuş oldu. Bundan başqa Galton ilk olaraq müxtəlif fiziki və mental göstəricilər arasında korrelyasiyanı ölçdü 1888. İntellektin öyrənilməsinin Galtonun bu tədqiqatları ilə başladığı hesab edilir. Galton ilk olaraq nümayiş etdirdi ki, Laplace-Gauss paylanması normal paylanma insanın psixoloji xüsusiyyətlərinə, o cümlədən də intellektə tətbiq oluna bilər.

1904-cü ildə Fransız hökuməti inkişafda gecikmiş uşaqların təhsili üçün plan hazırladı və bu iş üçün psixoloqlardan ibarət komisiya təyin etdi. Komisiyaya tapşırıldı ki, belə uşaqları müəyyənləşdirmək üçün mexanizm hazırlasın. Bu komisiyanın üzvü olan Fransız psixoloqu Alfred Binet bine oxunur öz həmkarı T. Simon ilə birlikdə uşaqların qabiliyyətlərini müəyyənləşdirən, indi Binet-Simon şkalası adlanan testi hazırladı. Bu test sonradan Binet və Simon tərəfindən dəfələrlə təkmilləşdirildi.

İngilis psixoloqu, faktor analizin müəllifi Charles Spearman 1904-cü ildə ümumi intellekt general intelligence factor və ya g factor ideyasını təklif etdi. Spearman mental testləri yerinə yetirmiş uşaqların nəticələrini gözdən keçirərkən müşahidə etdi ki, hər uşağın nəticəsini iki faktor istiqamətində bölmək olar. Bu faktorlardan biri həmin uşağın yerinə yetirdiyi müxtəlif sahələrə aid testlərdə eyni qalır, Spearman bunu g faktor adlandırdı. Digər faktor testdən testə dəyişirdi və Spearman bunu spesifik faktor adlandırdı.

1939-cu ildə Amerika psixoloqu David Wechsler müasirləşdirilmiş intellekt testini Wechsler Adult Intelligence Scale – WAIS yaratdı. Əsasında Binet-Simon şkalası duran Wechsler testi intellektin qiymətləndirilməsinə bir çox yeniliklər gətirdi.

1930-cu illərdə digər bir Amerika psixoloqu Louis Leon Thurstone əvvəlki intellekt nəzəriyyələrindən daha fərqli olan Əsas Mental Qabiliyyətlər Teoriyasını yaratdı. O, intellekt testlərindən və bir qədər dəyişdiyi faktor analizdən istifadə edərək sübut etməyə çalışdı ki, intellekt yeddi əsas qabiliyyət vasitəsilə üzə çıxır: nitq səlisliyi, deyiləni dərk etmək, obrazları fəzada təsəvvür etmək, ədədlərlə işləmək, assosiativ yaddaş, mühakimə, qavrama sürəti. Onun ideyaları sonrakı çoxtərəfli intellekt nəzəriyyələri üçün əsas oldu.

                                     

3.1. İntellektə aid müasir nəzəriyyələr Maye və kristallaşmış intellekt Fluid and crystallized intelligence

Amerika psixoloqu Raymond Cattel C. Spearmanın elmi fəaliyyətinin təsiri ilə insan intellektini tədqiq etməyə başladı. O Spearmanın ideyasını davam etdirərək 1960-cı illərdə belə nəticəyə gəldi ki, ümumi intellekt iki faktordan ibarətdir. Bu faktorları Cattel maye fluid və kristallaşmış crystallized intellekt adlandırdı. Gf – General fluid intelligence və Gc – General crystallized intelligence kimi işarə edilir.

Cattellə görə maye intellekt əvvəlki təcrübələrdən asılı olmadan, obyektlər arasında münasibətləri dərk etmək qabiliyyətidir. Kristallaşmış intellekt isə əvvəllər əldə edilmiş təcrübələrə əsaslanaraq məsələləri həll etmək bacarığıdır. Beləliklə obyektlər arasında əlaqənin kəşf edilməsi, baş verən hadisələrdə qanunauyğunluğun aşkarlanması, məsələlərin yeni həll yollarının tapılması maye intellektlə əlaqədardır. Əldə edilmiş biliklərin tətbiqi isə kristallaşmış intellekt ilə bağlıdır.

Nəzəriyyənin müəllifinin və onun davamçılarının fikrincə maye intellekt erkən gəncliyə qədər inkişaf edir və sonra onun səviyyəsi enməyə başlayır. Kristallaşmış intellekt isə orta yaşlara qədər artır, bir müddət sabit qalır və tədricən azalmağa başlayır.



                                     

3.2. İntellektə aid müasir nəzəriyyələr Çoxtərəfli intellekt multiple intelligence

Amerika psixoloqu Howard Gardner tərəfindən 1983-cü ildə təklif edilən çoxtərəfli intellekt multiple intelligence nəzəriyyəsinə görə bütün insanlar eyni tipli intellektə malik olmurlar. Hər bir fərd fərqli sahələrdə başqalarından daha üstün intellektə malik ola bilər.

Howard Gardner yeddi belə sahə müəyyənləşdirdi və onları aşağıdakı kimi təyin etdi:

  • İnterpersonal Interpersonal intellekt başqa insanları anlamaq, onların niyyətlərini, hisslərini başa düşməkdən ibarətdir;
  • Musiqi Musical intellekti səsin yüksəkliyini, tonunu, ritmini ayırd etmək, müxtəlif səslərdən kompozisiya yaratmaq, melodiyanı səsləndirmək qabiliyyəti kimi müəyyən edilir;
  • Verbal-linqvistik Verbal-linguistic intellekt dilləri öyrənmək qabiliyyətindən, fikrini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək bacarığından ibarətdir;
  • Bədən-kinestetik Bodily-kinesthetic intellekti bədənin və onun hissələrinin çevikliyi və qıvraqlığını, ətraflardan əllər və ayaqlardan müxtəlif işləri keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün istifadə etmək qabiliyyətini əhatə edir;
  • Vizual-fəza Visual-spatial intellekti fəzada obyektlərin bir birinə nəzərən vəziyyətlərini, yerləşməsini müəyyən etmək və yerdəyişmə zamanı yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyətindən, obrazları və şəkilləri aydın təsəvvür etmə bacarığından ibarətdir;
  • İntrapersonal Intrapersonal intellekt insanın özünü anlaması, öz hisslərini, istəklərini, ehtiyaclarını müəyyən edə bilməsindən ibarətdir;
  • Məntiqi-riyazi Logical-mathematical intellekt problemləri məntiqi analiz etmə, elmi tədqiqat aparmaq qabiliyyətlərindən, riyazi əməliyyatları aparma bacarığından ibarətdir;

Sonradan H. Gardner daha üç intellekt tipini siyahıya əlavə etdi. Bunlar aşağıdakılardan ibarətdir:

  • Moral intellekt başqa insanların maraqlarını nəzərə alaraq qərar qəbul etmək, gördüyü işlərə görə məsuliyyət daşıdığını anlamaq bacarığı ilə əlaqədardır.
  • Naturalist Naturalistic intellekt ətraf aləmi, təbiəti başa düşməkdən və onun qanunauyğunluqlarını anlamaqdan ibarətdir;
  • Spiritual/Ekzistensial Spiritual/Existential intellekt həyatın mənasını aramaq, həyat və dinə aid suallara cavab tapmaq qabiliyyəti ilə əlaqədardır;

H. Gardnerin fikrincə son iki tip intellektə aid dəqiq fikirlərə gəlmək üçün çox tədqiqat aparılmasına ehtiyac var.

                                     

3.3. İntellektə aid müasir nəzəriyyələr Üçtipli intellekt Triarchic Theory of Intelligence

Amerika psixoloqu Robert J. Sternberg 1985-ci ildə üçtərəfli intellekt nəzəriyyəsini təklif etdi. Bu ideya əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Sternbergə görə intellekt üç istiqamətdə inkişaf etməlidir:

  • kreativ yaradıcı – insan yeni ideyalar verməyi, problemlərin yeni həllini tapmağı, fərz etməyi, kəşf etməyi bacarmalıdır;
  • praktik – insan nəzəriyyələri tətbiq etməyi, öyrəndiklərindən praktik olaraq istifadə etməyi bilməlidir.
  • analitik – insan aldığı informasiyanı analiz etməyi, müqayisə etməyi, qiymətləndirməyi bacarmalıdır;

Sternberg hesab edir ki, müasir təhsil sistemi insanların ancaq bilikləri yadda saxlamaq və analiz etmək qabiliyyətlərini qiymətləndirir. Bu zaman yaradıcılıq və bilikləri praktikada tətbiq etmək qabiliyyəti diqqətdən kənarda qalır.

                                     

3.4. İntellektə aid müasir nəzəriyyələr Emosional intellekt

Emosional intellekt anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin və J. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın Emotional Intelligence 1995 adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H. Gardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.

Salovey və Mayerə görə emosional intellekt "özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir."

D. Golemana görə emosional intellektə aşağıdakı sahələr daxildir:

  • Özünü dərk etmə – öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;
  • Özünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
  • Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.
  • Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;


                                     

4. Cinslər arası intellektual fərqlər

Son illərdə aparılan tədqiqatlar deməyə əsas verir ki, qadın və kişilərdə vizual-fəza intellekti xarakterinə görə fərqlənir. Ümumiyyətlə intellektin bu tipində kişilər daha üstündürlər. Lakin, bu sahəyə aid müxtəlif xüsusuiyyətli tapşırıqlarda qadınlar və kişilər bir birindən daha üstün intellekt nümayiş etdirə bilirlər.

Verbal-linqvistik intellektdə üstünlük qadınlardadır. Nitq qabiliyyəti qadınlarda daha yaxşı inkişaf etmişdir, yazılı və şifahi ədəbiyyatla bağlı tapşırıqlarda onlar daha yüksək nəticələr göstərirlər. Kişilər arasında nitqlə və oxuma ilə bağlı çatışmazlıqlara daha tez rast gəlinir.

Son bir neçə on illikdə aparılan müşahidələr göstərir ki, ayrı-ayrı intellekt sahələrində qadın və kişilər arasındakı fərqlər bu iki qrup üçün tarixən müəyyənləşmiş məşğuliyyətlərlə bağlıdır. Ənənəvi olaraq kişi sahələri hesab edilən məşğuliyyətlərə qadınların getdikcə daha çox cəlb olunması bu iki qrup arasındakı intellekt fərqlərini azaldır.

UCL University College London Psixologiya fakultəsinin professoru A. Furnham IQ test nəticələrində cinsi fərqlərə aid 25 tədqiqatın nəticələrini analiz edərək belə bir fikrə gəldi ki, qadınlar öz intellektlərini həqiqətdə olduğundan aşağı qiymətləndirməyə meyillidirlər. Kişilər isə əksinə, öz beyin güclərini əslində olduğundan yuxarı qiymətləndirirlər. Kişilərdə sadəcə olaraq özünə inam daha yüksəkdir, o qeyd edir, "bu da intervyu və imtahan zamanı müsbət rol oynayır".

                                     

5. İntellektin ölçülməsi

İntellektin ölçülməsinin müxtəlif nəzəriyyələrə aid bir çox metodları var. Bunlardan ən çox istifadə olunan metod IQ Intelligence quotient – intellekt koeffisenti testləridir. Bu testlərə verbal-linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliyyətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif ölkələrin universitetləri tərəfindən intellektin fərqli sahələrinə aid, emosional intellektə aid testlər yaradılmışdır.

Emosional intellektə aid testlərə müxtəlif affektləri təsvir edən və situasional suallar daxil edilir. Bu suallara cavablar "heç razı deyiləm.tamamilə razıyam" şkalası üzrə verilir. Bu suallardan bəziləri aşağıdakılardan ibarətdir:

Mən narahat olanda bunun səbəbini müəyyənləşdirməkdə çətinlik çəkmirəm.

Emosional insanlar məndə narahatlıq yaradır.

Mən işi həmişə yaxşı görməyə çalışıram, hətta bunu heç kim görməsə belə.

Adamlar yaxşı iş görəndə mən buna görə onlara kompliment deyirəm.

Müasir intellekt nəzəriyyələrinin müəllifləri və bu sahədə çalışan tədqiqatçılar intellektin ölçülməsinin ənənəvi yollarını, xüsusilə də IQ testlərini gələcək individual uğurların əsas göstəricisi hesab edilməsinin əleyhinədirlər. Onların fikrincə bu testlər əsil intellekti ölçmürlər. 1980-ci illərdə aparılan tədqiqatlar göstərir ki, Braziliyalı küçə uşaqları özlərinin xırda biznesləri üçün tələb edilən riyazi əməliyyatları yaxşı bildikləri halda, məktəbdə oxşar tapşırıqları yerinə yetirə bilmirlər. Amerikada Kaliforniyalı evdar qadınlar supermarketdə müxtəlif ərzaqların qiymətlərini müqayisə etmək üçün asanlıqla riyazi hesablamalar apardıqları halda, eyni məsələləri kağız, qələmlə həll etməkdə çətinlik çəkirlər.

Users also searched:

...
...
...